Xocalı rayon Mədəniyyət evində müəllimlərin ənənəvi sentyabr konfransı keçirildi. Konfransı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov açıq elan etdi. Məruzə üçün söz Təhsil şöbəsinin müdiri Şakir Əliyevə verildi. Məruzəçi 2013-2014-cü tədris ilində görülən işlər, 2014-2015-ci tədris ilində qarşıda duran məsələlər barəsində geniş və ətraflı məlumat verdi.
Məruzə ətrafında 1 saylı tam orta məktəbin direktoru Vidadi Rəhimov, Kosalar tam orta məktəbin tədris işləri üzrə direktor müavini Rafiq Quliyev, ibtidai sinif müəllimi Sədaqət İbrahimova çıxış edərək keçən tədris ilində görülən işlərdən danışdılar.
Məktəb direktorları Vidadi Rəhimov, Rasim İbrahimov və qəbul imtahanlarında yüksək bal toplayan məzunlar Fəxri fərmanla təltif olundular.
Təhsil nazirliyinin məsul əməkdaşı Ceyhun Mirzə çıxış edərək təhsilimizdə qazanılan müvəffəqiyyətlərdən danışdı və qarşıda duran məsələlərə aydınlıq gətirdi.
Rayon İH-nin başçısı Şahmar Usubov da çıxış edərək rayonda təhsilin ümumi vəziyyətini təhlil etdi.
Konfrans xoş ovqatla başa çatdı.